Azərbaycan aşıqları Özbəkistandakı Beynəlxalq festivalda 2-ci yer tutublar

Aprelin 6-dan 10-dək Özbəkistanın Qaşqadərya vilayətinin mərkəzi Termez şəhərində Beynəlxalq Baxşi (aşıq) Sənəti festivalı keçirilib. Tədbir Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü, YUNESKO-nun himayəsi ilə baş tutub.
Özbəkistanda ilk dəfə keçirilən festivalın açılışında YUNESKO və ISESKO-nun yüksək səviyyəli nümayəndələri, Qırğızıstan Prezidentinin müşaviri, Qazaxıstan və Tacikistanın mədəniyyət nazirləri, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak ediblər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev festivalı açaraq, iştirakçıları təbrik edib, baxşi yaradıcılıq məktəblərinin yaradılmasının, bu sənətin daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb. Dövlət başçısı ölkəsinin zəngin mədəniyyətinin, baxşı sənətinin dünyaya çatdırılması istiqamətində aparılan işlər haqqında məlumat verərək, özbək xalqının böyük ənənələri, xalq yaradıcılığının zəngin sahəsi olan baxşı sənəti haqqında fikirlərini bölüşüb.
Tədbirin açılış mərasimi təntənəli şəkildə qeyd olunub, baxşı sənətinə dair mədəni proqram, habelə Termez şəhərinin Mərkəzi parkında möhtəşəm kompozisiyalar, Özbəkistanın müxtəlif regionlarının mədəniyyətini nümayiş etdirən sərgi və konsertlər təqdim edilib.
Festivalda dünyanın müxtəlif ölkələrindən xalq yaradıcılığı sahəsində çalışan musiqiçilər, baxşi, aşıq, akın, ozan, həmçinin folklorşünas alimlər, folklor qrupları çıxış ediblər. Azərbaycanı şair, publisist Əkbər Qoşalı, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Əli Şamilov, aşıqlar Samirə Əliyeva və Əli Quliyev təmsil ediblər.
Festivalda birinci yeri Özbəkistanın baxşi ustaları tutub. Azərbaycan aşıqları Samirə Əliyeva və Əli Quliyevin “Koroğlu” dastanı əsasında hazırladıqları duet ikinci mükafata layiq görülüb. Onlara diplomlar və pul mükafatı təqdim olunub. Üçüncü yeri isə Koreya sənətçiləri tutublar.
Dünyanın 74 ölkəsindən 160-dan artıq musiqiçinin iştirak etdiyi Beynəlxalq Baxşi (aşıq) Sənəti festivalında Azərbaycan aşıqlarının qələbəsi böyük maraqla qarşılanıb, yerli və beynəlxalq KİV-lər hadisəni geniş işıqlandırıblar.
Festival çərçivəsində “Dünya sivilizasiyasında baxşi sənətinin rolu” adlı Beynəlxalq elmi-praktik konfrans da keçirilib.