Hyustonda Novruz şənliyi keçirilib

Martın 27-də Hyustondakı Azərbaycan icmasının fəalları baharın gəlişini böyük təntənə ilə qarşılayıblar. Banket zallarından birində icmanın təşkil etdiyi şənlikdə Hyustondan və ətraf yaşayış məntəqələrindən 150 qonaq iştirak edib.
Bayram süfrəsini milli mətbəximizin ləziz təamları və Novruzun rəmzi olan səməni bəzəyib. Tədbir çıxışlarla, müxtəlif əyləncələrlə zəngin olub.
ABŞ-dakı Azərbaycan diasporunun fəalı və TexasAzerbaijanis.com saytının yaradıcısı Toğrul Məmmədbəyov, Hyuston Azərbaycan Mərkəzinin rəhbəri, Hyuston-Bakı qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova qonaqları bayram münasibətilə təbrik edərək, tədbirin yüksək səviyyədə təşkil olunmasına görə təşkilatçılara, könüllülərə və sponsorlara minnətdarlıqlarını bildiriblər.
Hyuston Azərbaycan Mərkəzinin idarə heyətinin üzvü Sevinc Zeynallı Novruz bayramının qədim tarixindən və ənənələrindən bəhs edib.
Bayram axşamı uşaq rəqs ansamblının, tanınmış müğənni Elariz Məmmədoğlunun ifası və soydaşlarımızın rəqsləri ilə davam edib. Populyar Azərbaycan mahnıları və rəqsləri gecəyə xüsusi əhval-ruhiyyə qatıb.