EN
RU

Serdar Ünsal: "Ermənilər Qarabağı tərk etmədikcə, Alican sərhəd qapısı açıla bilməz"

Bu barədə “Yeşil İğdır” qəzetində Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal Ermənistanın yeni baş naziri Nikol Paşinyanın "Türkiyə ilə ön şərtsiz diplomatik əlaqələr qurmağa hazırıq, ancaq Ankara, Dağlıq Qarabağla əlaqədar ön şərt qoymamalıdır" fikrinə münasibət bildirərkən qeyd edib.
S. Ünsal bildirib ki, işgal edilən torpaqlardan ermənilər çəkilmədikcə Alican sərhəd qapısı və digər qapılar açıla bilməz. Eyni zamanda, Türkiyə Respublikasının Prezidenti cənab R.T.Ərdoğanın məsələ ilə bağlı “İşğal edilən Azərbaycan torpaqlarından Ermənilər çəkilmədikcə sərhədlər açılmayacaq” fikrini xatırladıb.
“N.Paşinyan heç bir şərt olmadan Türkiyə ilə əlaqələri inkişaf etdirmək istəyir. Ancaq bundan öncə Ermənistan əsassız torpaq iddialarından əl çəkməli, erməni xalqını Türkiyəyə düşmənçilik ruhunda yetişdirməməli, ən əsası isə işğal etdikləri Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidirlər. Bundan sonra Türkiyə və Ermənistanla münasibətlərin yaradılması ilə bağlı danışıqlar prosesinə həmin şərtlər daxilində start verilə bilər. Bu şərtlərə əməl edilmədən sərhədlər açılarsa qardaş Azərbaycan xalqını narahat edər, Qarabağda, Xocalıda şəhid edilənlərin sümüklərini sızladar” deyə Serdar Ünsal qeyd edib.
Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərindən çəkilmədikcə, Alican sərhəd qapısının danışıqların müzakirə predmeti olmadığını bildirən S. Ünsal ”Hər şey iqtisadiyyat və mənfəət deyildir. Ermənilərin məqsədləri bəllidir, onlar hər sahədə Türk düşmənçiliyi yaradırlar. Bu gün qardaş Azərbaycanın torpaqları işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bunları nəzərə almadan sərhəd qapısını açmaq nə qədər doğru olar? Qardaşlıq, bir millət, iki dövlət prinsipi harda qaldı”.
S. Ünsal eyni zamanda bildirib ki, Nikol Paşinyan həqiqətən sülh istəyirsə, Ermənistanı düşünürsə, iqtisadi çətinliklərdən xilas olmaq istəyirsə, işğal altındakı Azərbaycan torpaqlarından çəkilməlidir.