Niderland Krallığında beynəlxalq tələbə festivalı keçirilib

Niderland Krallığında “Mədəniyyətimi tanı” adlı tələbə festivalı keçirilib. Eyndhoven Texniki Universiteti tərəfindən ənənəvi olaraq hər il təşkil edilən bu festivalın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan tələbələrin öz mədəniyyətlərini, adət-ənənələrini, mətbəxini, musiqisini tanıtmaqdır.
Bu il festivalda Azərbaycan, Türkiyə, İran, Hollandiya, ABŞ, İtaliya, Rumıniya, Yaponiya, Çin, Hindistan və digərləri də daxil olmaqla 30-a yaxın ölkənin tələbələri iştirak edib. Azərbaycanı festivalda universitetin doktoranturasında təhsil alan Günel Əzizova təmsil edib.
Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın verdiyi xəbərə görə, festivalda Azərbaycan yüksək səviyyədə tanıdılıb: “Koordinasiya Şurası olaraq, hər zaman gənclərlə işləməyə üstünlük verir, onlara daim dəstək olmağa çalışırıq. Bu baxımdan bugünkü tələbə festivalında Azərbaycanı təmsil etmək təklifi ilə şuraya müraciət edən Günel Əzizovaya da yardım edilib. Şura Azərbaycan stendini hər cür vəsaitlə təmin edib. Şuranın üzvü olan “Odlar Yurdu” Niderland Azərbaycan cəmiyyətinin sədri Firəngiz Bağırova bu festivalda Azərbaycan bəstəkarlarının mahnı və romanslarını ifa edib. Niderlandda milli mətbəximizi təbliğ edən “Baku Catering” milli yeməklərimizin hazırlanmasını təmin edib.”
Bir neçə saat davam edən festivalda Niderlandda təhsil alan azərbaycanlı tələbələr xarici tələbələrə ölkəmizlə bağlı geniş məlumat veriblər. Onlara Azərbaycanı tanıdan broşürlər paylanıb.