Şəki haqqında yazı Niderland mətbuatında

Bu günlərdə Niderland mətbuatında, həmin ölkədə yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasovun Azərbaycandan, ölkəmizin turizm imkanlarından bəhs olunan yazısı çıxıb. Yazı “Möcüzələr ölkəsi” adlanır. Yazıda qeyd olunub ki, Azərbaycanı dünyada çox vaxt neft ölkəsi kimi tanıyırlar, ancaq bu ölkəni həm də dünyada məşhur şairlərinə, yazıçılarına, bəstəkarlarına və s. görə də tanıyırlar. Müəllif yazıda həmçinin Nizaminin, Füzulinin, Nəsiminin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin adlarını çəkib. Son vaxtlarda Azərbaycana çoxsaylı turistin gəldiyini qeyd edən müəllif onların marağını cəlb edən Yanar Dağdan söhbət açıb, Qubaya, Qusara olan səfərlərindən bəhs edir. Yazının əsas hissəsində isə Azərbaycanımızın qədim yerlərindən biri olan Şəkidən bəhs olunur. Şəki Xan Sarayından geniş söhbət açan müəllif qeyd edib ki, saray 1797-ci ildə inşa edilib. Sarayın özəlliklərindən biri də budur ki, pəncərələrin hazırlanmasında mismardan, yapışdırıcıdan istifadə edilməyib. Şəkinin qədim küçələrindən danışan soydaşımız şəkililərin çox yardımsevər, qonaqpərvər olduqlarından da bəhs edərək qeyd edib ki, əgər sən küçədə kimdənsə bir ünvan soruşsan, həmin şəxs səninlə bərabər axtardığın ünvana qədər bələdçilik edə bilər. Şəkiyə gəlib Şəki paxlavasının dadına baxmamağın mümkünsüz olduğu yazıda xüsusi qeyd olunub. “Azərbaycan elə bir ölkədir ki, ora bir dəfə getdinsə, yenə də getmək istəyəcəksən. Şəkini də bu sıraya daxil etmək olar, hər səfərində yeni bir şey görəcəksən” – deyə soydaşımız qeyd edir.

https://rfgmagazine.nl/land-van-wonderen/