E-mail:

info@diaspor.gov.az

EN
RU

Cahangir Novruzov: ”Teatr cəmiyyətin psixodramasıdır. Həmişə doğru çözümlər təklif etmək məcburiyyətindədir. Çünki həyat, düşmüş olduğumuz vəziyyətlər içərisində doğru çıxış yolu taparaq karlı çıxma sənətidir”.

Azərbaycan Respublikasının xalq artisti, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, görkəmli teatr və kino aktyoru, rejissor Cahangir Novruzovla bağlı Türkiyədə nəşr olunan "Şehr-i Trabzon" jurnalının 14-cü sayında geniş reportaj dərc olunub.

Müəllif, jurnalist Fatma Yavuz reportajda C. Novruzovun həyatı, pedoqoji fəaliyyəti, yaradıcılığı, o cümlədən Türkiyənin bir sıra şəhərlərinin teatrlarında nümayiş etdirilən quruluş verdiyi və özünün də iştirak etdiyi tamaşaları haqqında məlumat verib. Qeyd edib ki, milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi, professional teatrımızın qurucularından biri Kərbəlayı Cahangir Zeynalovla başlayan teatr nəslinin nümayəndəsi C. Novruzov 1954-cü il iyulun 31də Bakıda dünyaya gəlib. Sənətkarın anası Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR-nin Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikasının Xalq artisti Nəsibə Zeynalovadır. Bu gün Cahangir Novruzovun timsalında ailə ənənləri davam etdirilir, teatr sənəti və mənsub olduğu teatr nəsli layiqincə təmsil olunur.

Reportajda, C. Novruzovun sənətə gəlişi və anası Nəsibə Zeynalovanın buna qarşı olması ilə bağlı xatirəsini bölüşüb. Qeyd edib ki, ”İllər keçdi və günlərin birində anam sevinərək evə gəldi və dedi ki” “Bu gün mənim ən xöşbəxt günümdür.” “Nə üçün?” soruşdum. Dedi ki: “Küçədə gedirdim, iki qadın yanımdan ötəndə məni göstərib, Cahangirin anasıdır dedilər”. Bununla yanaşı N. Zeynalovanın onun peşəkar aktyor kimi püxtələşməsindəki rolu, sonradan, eyni səhnədə ifa etdiyi rollar haqqında oxuculara geniş məlumat verilib.

C. Novruzovun teatr haqqındakı fikirlərini xüsusi vurğulayan müəllif, teatrın cəmiyyətin mədəni-mənəvi səviyyəsinin yüksəldilməsindəki roluna toxunub. O, C.Novruzovun, teatrı barometrlə müqayisə edərək cəmiyyətin mədəni baxımdan yüksəlişinin və enişinin göstəricisi kimi qiymətləndirdiyini bildirib.

Həmçinin, reportajda C. Novruzovun ilk əmək fəaliyyətinə başladığı Şəki Dram Teatrı və sonradan Almaniya, Moskva kimi ölkələrdə fəaliyyətini davam etdirməsi ilə bağlı dəvətlər almasına baxmayaraq, qardaş Türkiyəni seçməsi və buradakı elmi-pedoqoji və ictimai fəaliyyətinə geniş yer verilib. Eyni zamanda. 23 ildır ki, Türkiyədə teatr təhsili və yeni nəsil aktyorların hazırlanması ilə məşğul olan Cahangir Novruzov Türkiyənin bu sahədəki mövcud vəziyyəti ilə bağlı fikirlərini qeyd edib. Bildirib ki,, Türkiyə teatr aləmində teatr rejossorları və teatr tənqidçiləri olduğu halda, bu istiqamət üzrə peşəkəar mütəxəssilərin hazırlanması üçün ixtisaslaşmış təhsil müssisə yoxdur. Bu boşluğu ayrı-ayrı kurslar və dərnəklərin doldurduğunu qeyd edən sənətkar teatr rejissorluğunu və teatrşünaslığı yüksək təhsil tələb edən peşələr kimi qiymətləndirib. Bu peşələri seçənlərin incəsənətin bütün istiqamətləri üzrə müvafiq biliklərə, həmçinin estetika, fəlsəfə, tarix, sosiolgiya ilə bağlı ümumi biliklərə malik olmalarının vacibliyini qeyd edib. O, M.K.Atatürkün “Teatr bir millətin mədəniyyət səviyyəsinin güzgüsüdür” fikrini xatırladıb.

Qeyd edək ki, 1995-ci ildən Türkiyədə yaşayan və fəaliyyət göstərən Cahangir Novruzov 21 ildir ki Adana şəhərində Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, həmçinin Adana Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədr müavini kimi xalqımızın mədəni və mənəvi dəyərlərinin, Azərbaycan teatr ənənələrinin qorunub saxlanmasında, onun qardaş Türkiyədə layiqincə təmsil və təbliğ edilməsində bilik və bacarıqlarını əsirgəmir. Cahangir Novruzov bu müddət ərzində bir çox nüfuzlu mükafatlara layiq görülüb və fəaliyyəti daim yüksək qiymətləndirilib.