Dnepr şəhərində Novruz bayramı qeyd olunub

Ukraynanın Dnepr şəhərində yaşayan soydaşlarımız Novruz bayramını qeyd ediblər.
Novruz bayramının simvolu olan Bahar qız milli geyimdə, atlıların müşaiyəti ilə şənliyə təşrif buyurub, tonqal qalanıb, milli şirniyyatlarımız qonaqlara təqdim olunub. İncəsənət nümunələrinin nümayişi, yarış və fərqli müsabiqələrin təşkili şənliyi daha da maraqlı edib.
Tədbir Dnepropetrovsk regional dövlət administrasiyasının və Dnepr şəhər şurasının dəstəyi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk regional bölməsinin sədri Nəcəf Əhmədovun, Müslüm Maqomayev adına Azərbaycan mədəniyyət mərkəzinin sədri, Ukraynanın xalq artisti Qurban Abbasovun və Natalya Kudryaşovanın təşkilatçılığı ilə keçirilib.
Novruz bayramı Dnepr şəhərində artıq 25 ildən çoxdur ki, təntənə ilə qeyd edilir və burada yaşayan milli icmaların birliyinin, əmin-amanlığın, tolerantlığın bariz nümunəsi hesab olunur.