Komitə nümayəndələri Rusiyada görüşlər keçiriblər

Rusiyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Ruslan Quliyev və Teymur Atayev Sverdlovsk vilayəti Milli-Mədəni Birliklər Assosiasiyasının “Ural Millətlər evi”ndə müxtəlif görüşlər keçiriblər. Görüşlərin təşkilində Ural Federal Dairəsi üzə Azərbaycan icmasının rəhbəri Şahin Şıxlinski yaxından iştirak edib.
Yekaterinburq Şəhər Administrasiyasının Daxili Siyasət departamentinin başçısı Mixail Korobelnikov, Administrasiyanın Xarici Əlaqələr üzrə Komitəsinin sədri Maksim Dokuçaev, Rusiya Millətlər Assambleyasının rəhbəri, Avrasiya Xalqları Assambleyasının Baş şurasının üzvü Marina Plyasunova, Sverdlovsk vilayəti Milli-Mədəni Birliklər Assosiasiyasının rəhbəri Fərrux Mirzəyev və “Menora” Yəhudi Mədəni Mərkəzin rəhbəri Alla Domniçin iştirakı ilə maraqlı fikir mübadilələri aparılıb.
Görüşlər zamanı Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsindən, Ural Federal Dairəsində yerləşən regionlarda yaşayan azərbaycanlıların yerli iqtisadiyyata verdiyi töhfələrdən danışılıb, gələcəkdə mədəni–iqtisadi xarakterli birgə layihələrin hazırlanmasının mümkünlüyü müzakirə edilib.
Dövlət Komitəsinin nümayəndələri Ural Federal Universitetinin azərbaycanşünaslıq mərkəzinin direktoru Aleksandr Nesterovla da görüşüblər. Mərkəz 2014-cü ildən Universitetin tərkibində müstəqil elm-tədris bölməsi kimi fəaliyyət göstərir. A.Nesterov mərkəzin Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti ilə əməkdaşlıq etdiyini qeyd edib və bildirib ki, gələcəkdə Dövlət Komitəsi ilə də birgə səmərəli işlərə imza atılacağına ümid bəsləyir.
Yekunda Dövlət Komitəsinin nümayəndələri bu ilin aprelində Yekaterinburq şəhərində keçirilməsi planlaşdırılan daha bir mühüm konfransa dəvət ediliblər.