Azərbaycan qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsidir

İsveçin Stokholm şəhərində fəaliyyət göstərən SAF dərnəyi 8 mart Beynəlxalq Qadınlar günündə azərbaycanlı və isveçli xanımları bir araya toplayıb.
SAF dərnəyinin idarə heyətinin üzvləri, azad yazar Eluca Atalı, “Azərbaycan evi” dərnəyinin həmsədrləri Sevinc Abdullayeva, Taymaz Təbrizli, Leyla Heydərova, “Medborgarskolan” İsveç təhsil idarəsinin əməkdaşları və başqa dərnəklərin üzvləri mərasimdə iştirak ediblər.
Görüşü Samirə Şərifova, Tünzalə Oruczadə və Cəmilə Xəlilova üç dildə - isveç, Azərbaycan və ingilis dillərində təqdim ediblər.
SAF dərnəyinin sədri Sevda Dadaşova qonaqları salamlayıb, bayramlarını təbrik edib və onlara Azərbaycan Respublikasının şərqdə qadın haqlarını tanıyan ilk müsəlman ölkəsi olduğu barədə məlumat verib. Qadın hüquqlarının Azərbaycanda 1919-cu ildə, İsveçdə 1921-ci ildə, Türkiyədə isə 1923-cü ildə bərqərar olduğu barədə danışılıb.
Tədbirdə SAF dərnəyinin uşaq rəqs qrupu Azərbaycan milli rəqslərini ifa edib və sonda qonaqlara hədiyyələr təqdim edilib.