Yaponiyada Azərbaycan haqqında dərslər davam edir

Artıq 3 ildir ki, Yaponiyada Azərbaycan dili dərsləri keçirilir. Bu dərslər həmyerlimiz, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov tərəfindən təşkil edilir. Növbəti belə dərs mart ayının 6-da Yaponiyanın paytaxtı Tokionun Maçida bölgəsindəki məktəblərin birində olub.
Xatırladaq ki, Əlibəy Məmmədov müntəzəm olaraq Yaponiyanın Yokohama, Saitama və Çiba şəhərlərində yerləşən məktəblərdə, o cümlədən, Hokkaydo Universitetində Azərbaycanın mədəniyyətindən və multikultural ənənələrdən dərs deyir.
Dərslərdə Azərbaycanın zəngin və qədim mədəniyyəti, tarixi, müstəqillik dövründən sonra əldə edilmiş nailiyyətlər, təbii sərvətlərimiz, xalqımızın yaponlara olan xoş münasibəti, xalqlar arasındakı oxşar cəhətlər, mədəni mübadilə və iqtisadi əlaqələr barədə geniş məlumat verilib.
Yapon şagirdlər daha çox Azərbaycanın turizm potensialına maraq göstərib, Naftalandakı neft vannaları, Naxçıvandakı müalicəvi əhəmiyyətli Duz dağı, Yanar dağ, palçıq vulkanları, Azərbaycanın milli mətbəxi ilə bağlı suallar veriblər. Yaponiya telekanallarında Azərbaycanla bağlı verilişlərin yayımlanması bu marağı bir qədər də artırıb.
Qeyd edək ki, Əlibəy Məmmədov yapon dilində yazılmış “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” kitabının müəllifidir. Həmin kitabın təqdimatı da yaponların ölkəmizə marağını xeyli artırıb.