EN
RU

Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyət istiqamətləri müzakirə edilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin 17-19 iyul 2018-ci il tarixdə Ukraynaya səfəri zamanı Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun ikinci iclası keçirilmişdir. İclasda təşkilatların birgə fəaliyyət istiqamətləri və Koordinasiya şurasının yaradılması ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir. Müzakirələrdə birbaşa iştirak edə bilməyən işçi qrup üzvləri, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri onlayn şəkildə müzakirələrə qoşularaq, fikir mübadiləsi aparıblar. İşçi qrupun növbəti iclasınadək Ukraynada fəaliyyət göstərən, qeydiyyatdan keçmiş, diaspor təşkilatlarının və diaspor fəallarının sayının dəqiqləşdirilməsi, birgə fəaliyyət məqsədlərinin müəyyənləşdirilməsi, Koordinasiya şurasına üzv olmaq istəyənlərin sənədlərinin hazırlanması ilə bağlı konkret iş bölgüsü aparılmışdır. İşçi qrupun növbəti iclası 4 avqust 2018-ci il tarixinə təyin edilmişdir.
Xatırladaq ki, Ukraynada fəaliyyət göstərən və aralarında uzun müddət fikir ayrılıqları müşahidə olunan diaspor təşkilatları, Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin bu ölkəyə səfəri zamanı, birgə fəaliyyət və Koordinasiya şurasının yaradılması barədə qərar qəbul etmişlər.