Ümummilli Liderin xatirəsi Diasporla İş üzrə Dövlət Komitəsində yad edilib

Mayın 7-də Diasporla İş üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra dahi şəxsiyyətin xatirəsinə həsr olunan "Böyük ömrün anları" filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti haqqında danışıb. O bildirib ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi yüksəlişinin təmin edilməsi, beynəlxalq nüfuzunun artırılması böyük siyasi və ictimai xadimin səyləri nəticəsində mümkün olub. Ulu Öndərin Azərbaycan üçün gördüyü işlərin nəticəsini, onun xalqımızın rifahı üçün fəaliyyətini bu gün hər bir vətəndaşımız hiss edir. Məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan müstəqil dövlət kimi möhkəmlənib, ölkəmiz inkişaf edib. Onun Azərbaycanda hakimiyyətdə olduğu illər ərzində ölkəmizdə bütün sahələrdə həm inkişaf baş verib, həm də uzunmüddətli perspektiv açılıb. Xüsusilə gənclər hər zaman Ulu Öndərimizin diqqət mərkəzində olub.

Fuad Muradov qeyd edib ki, ulu öndər Heydər Əliyev gənclərə hər zaman etimad göstərirdi. O hər zaman gəncləri irəli çəkərək, onlara etimad göstərərək, müxtəlif ictimai işləri həvalə edərək bir nümunə yaradırdı. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda gənclərin öz imkanlarını göstərməsinə həmişə şərait yaradılıb. Bu gün Azərbaycan gənci üçün bütün lazımi imkanlar mövcuddur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələr, proqramlar üzrə uğurlu nəticələr əldə edilib. Bu siyasətə dəstək olaraq Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələri xüsusi qeyd etmək olar. Ulu Öndərimizin mənəvi irsi olan bu Fondun fəaliyyəti bütün sahələrdə özünü göstərir. Gənclər sahəsində, xüsusilə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində aparılan işlər Ümummilli Liderin qoyduğu təməl prinsipləri özündə əks etdirir. Bütün bunlar Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində yer tutan əsas amillər sırasındadır.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, ümummilli lider Heydər Əliyevin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu Öndərimizin qurduğu müstəqil Azərbaycan bu gün özünün yüksək inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməklə böyük nailiyyətlərə imza atır. Bu gün ölkəmiz hərtərəfli surətdə inkişaf edir. Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyevin böyük, parlaq ideyaları dayanır.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyev tarixi şəxsiyyətdir. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanda ictimai-siyasi sabitlik yaratmaq, dünyanın diqqətini Azərbaycana yönəltmək, iqtisadi islahatlara geniş meydan vermək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq cari tədbirlərin nəticəsi deyil. Heydər Əliyev, ilk növbədə, Azərbaycanın dünyadakı yerini və qlobal siyasətdəki rolunu müəyyənləşdirib, bölgədə marağı olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qura bilib.

Sonra çıxış edən Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, ümummilli lider Heydər Əliyev hər birimizin həyatında dərin iz buraxıb. O, hər şeydən əvvəl uzaqgörən siyasətçi idi. Heydər Əliyev öz siyasəti ilə, ilk növbədə, xalqımızın, cəmiyyətimizin birliyini təmin edib və qoruyub. Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan daha da qüdrətlənib. Bu gün Azərbaycan daxili və xarici siyasətini müstəqil müəyyənləşdirən azsaylı ölkələrdən biridir.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev siyasətinə alternativ yoxdur. Ulu öndər Heydər Əliyev müdrikliyi və cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb. O, ölkəmizin taleyində ciddi dönüşlərə imza atmış dahi şəxsiyyət kimi yaddaşımızda əbədiləşib. Dahi rəhbərin zəngin həyat və fəaliyyəti, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri bizim üçün örnəkdir. Ulu Öndərin təməlini qoyduğu dövlətçilik məktəbi bu gün də yaşayır və yaşayacaq.