Qazaxıstanın Almatı şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Almatı şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xocalı faciəsindən bəhs edən, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan “Xocalı soyqırımı” sənədli filmi nümayiş olunub.
Şımkənd şəhərinin Azərbaycan etnomədəni mərkəzinin sədr müavini Arzu Qurbanovanın moderatorluğu ilə keçirilən tədbirdə dövlət xadimləri, alimlər, yazıçılar, Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın tarixçiləri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edirdi. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Görkəmli şair, yazıçı, ictimai və dövlət xadimi, Qazaxıstanın Əmək qəhrəmanı Oljas Suleymenov öz çıxışında 1990-cı ilin yanvarında Bakıda baş vermiş qanlı hadisələrdən dərhal sonra Azərbaycana səfər etdiyini, günahsız sakinlərə qarşı törədilən qətliamdan dəhşətə gəldiyini söyləyib. Qeyd edib ki, dinc əhalinin etnik əsasda məhv edilməsinin soyqırımdan başqa bir adı yoxdur.
Tədbirin təşkilatçısı, “Kurmet” ordeni kavaleri Mehdi Məmmədov çıxış edərək tədbirin keçirilməsində məqsədin Xocalı soyqırımı qurbanlarının, eləcə də təqibə və soyqırıma məruz qalan qazax və qırğız qardaşlarımızın xatirələrinin yad edilməsi olduğunu bildirib. O, çıxışında Xocalı faciəsinin hələ də beynəlxalq ictimaiyyəti tərəfindən ədalətli siyasi, hüquqi və mənəvi qiymətləndirilmədiyini vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Teymur Atayev və başqaları çıxış edərək azərbaycanlıların qəlbində sağalmaz yara olan Xocalı faciəsindən, həmçinin Qazaxıstan və Azərbaycan arasındakı dostluq münasibətlərindən bəhs ediblər.
Sonda iştirakçılara Mehdi Məmmədovun dəstəyi ilə çap olunan ”Tarixin qan yaddaşı”, “ Onları vətəndən məhrum etdilər” adlı kitablar paylanılıb.