Çikaqoda Xocalı soyqırımına həsr olunan daha bir anım tədbiri keçirilib

İllinoyun Azərbaycanlı Amerikan İcması təşkilatı tərəfindən ABŞ-ın İllinoy ştatının ən böyük universitetlərindən olan Şimal-Şərqi İllinoy Universitetində Xocalı qətliamının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə azərbaycanlı icmanın çoxsaylı üzvləri ilə yanaşı, universitetin tələbə və professor heyəti də iştirak edib. Xocalı faciəsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz valideynlərini və yaxınlarını itirmiş uşaqların həyatına həsr olunmuş “Müharibə uşaqları” sənədli filmi tədbirdə nümayiş olunub.
Tədbir zamanı azərbaycanlı icmanın fəal üzvlərindən biri, İllinoyun Azərbaycanlı Amerikan İcması təşkilatının rəhbəri Əhməd Obalı çıxış edərək Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edib, qətliam barədə iştirakçıları məlumatlandırıb. O, Azərbaycanın ədalətli mövqeyinin ABŞ ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində səylərini daha da artıracağını bildirib.
Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqə sükutla yad edildikdən sonra Azərbaycanın ABŞ-dakı Səfirliyinin birinci katibi Ayxan Hacızadə faciə barədə çıxış edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş ən böyük qətliam kimi xarakterizə olunan Xocalı faciəsinin Ermənistanın Dağlıq-Qarabağda və işğal olunmuş digər ərazilərdə genişmiqyaslı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu bildirilib. Xocalı qətliamı nəticəsində qadın, uşaq və yaşlılar da daxil olmaqla yüzlərlə insanın amansızcasına qətlinin məsuliyyətinin Ermənistanın, onun keçmiş siyasi və hərbi rəhbərliyinin üzərində olduğu, onların amansızlıqlarının yalnız Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən deyil, beynəlxalq mətbuat orqanlarının nəşrlərində və təşkilatların hesabatlarında sübuta yetirildiyi qeyd olunub.
Daha sonra çıxış edən Türkiyənin Çikaqodakı baş konsulu Umut Acar Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən fevralın 26-da Xocalı qətliamı ilə bağlı verilmiş mətbuat açıqlaması barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, ABŞ-da azərbaycanlı icmasının gücləndirilməsi və Azərbaycanın haqq səsinin ABŞ-ın ictimai-siyasi dairələrinə çatdırılması istiqamətində bu kimi tədbirlərin əhəmiyyətli olduğunu, erməni icmasının saxta təbliğatı ilə mübarizə üçün Türkiyədən olan icma ilə azərbaycanlı icma nümayəndələri arasında əməkdaşlığın daha da artmasının zəruriliyini bildirib.
Orta Asiya Səmərəliliyi Tədqiqat Mərkəzinin rəhbəri professor Harri Lepinski çıxışında beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarından, mətbuat orqanlarından, elmi dairələrin nəşrlərindən və xarici müəlliflərin kitablarından sitatlar gətirərək Xocalı qətliamı barədə həqiqətləri diqqətə çatdırıb. O, bu işlərin ortaya çıxarılmasında fəaliyyətin davam etdirilməsinin zəruri olduğunu deyib, “Xocalıya ədalət!” kampaniyası üzrə aparılan işlərin əhəmiyyətini vurğulayıb.
Sonra Azərbaycanın Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadə çıxış edərək ssenari müəllifi və rejissoru olduğu “Müharibə uşaqları” sənədli filminin çəkilmə ideyası barədə məlumat verib.
Tədbirdə, həmçinin Çikaqonun Robert Abbott orta məktəbinin sosial xidmətlər üzrə pedaqoqu Eymi Bolduin və Çikaqonun Kərkük türkmənləri icmasının nümayəndəsi Ahmet Yılmaz da çıxış edərək faciə barədə bir neçə il öncə məlumatlarla tanış olduqdan sonra dərin kədər hissi keçirdiklərini, faciənin tanıdılması üzrə işlərə dəstək verilməsinin əhəmiyyətli olduğunu bildiriblər.
Tədbirin sonunda “Müharibə uşaqları” sənədli filmi nümayiş olunub, rejissor Şamil Nəcəfzadə iştirakçıları maraqlandıran sualları cavablandırıb.