Y.Niftəliyev: "Belə tədbirin Avropada keçirilməsi Azərbaycan diasporunun uğurudur"

Macarıstanın paytaxtı Budapeşt şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peşəkar boks gecəsi keçirilib.
Yarış Heydər Əliyev adına Beynəlxalq Boks Komitəsi (WBCA-World Boxing Committee Aliyev) və “AKK Promotio”nun təşkilatçılığı ilə baş tutub.
2000-dən çox tamaşaçının izlədiyi yarış yerli telekanallarda canlı yayımlanıb. IBO və WBCA beynəlxalq kəməri uğrunda yarışda azərbaycanlı idmançı Roman Zakirov meksikalı boksçu Daniel Vega Cotanı məğlub edib.
Qalibin şərəfinə Azərbaycan bayrağı yüksəldilib və Xocalı soyqırımını əks etdirən videogörüntü nümayiş olunub.
Gecədə Heydər Əliyev adına Beynəlxalq Boks Komitəsinin rəhbəri Yaşar Niftəliyev çıxış edərək Xocalı faciəsi haqqında məlumat verib və gecənin Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edildiyini vurğulayıb. Y.Niftəliyev bildirib: “Belə tədbirin Avropada keçirilməsi Azərbaycan diasporunun uğurudur. Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor təşkilatları ilə sıx əlaqələr qurması, təşkilatların birgə fəaliyyəti bu kimi uğurları reallaşdırıb. Bu, bizi gələcəkdə daha da yaxşı işlər görməyə ruhlandırır”.