Əskişəhərdə Xocalı fləşmobu təşkil olunub

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş fləşmob təşkil olunub.
Dərnək üzvləri və azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən fləşmob zamanı gənclər meydanın mərkəzində yerə uzanaraq Xocalıda qətlə yetirilən günahsız insanların xatirəsini anıblar.
Daha sonra Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın Xocalı soyqırımı ilə bağlı bəyanatı səsləndirib. Xocalı soyqırımına göz yumduqları üçün beynəlxalq təşkilatları qınayan dərnək üzvləri tezliklə dünya ictimaiyyəti tərəfindən hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb ediblər.
Bəyanat oxunduqdan sonra aksiya iştirakçıları “Xocalıya ədalət!”, “Şəhidlər ölməz! Vətən bölünməz!”, “Ya Qarabağ, ya ölüm!” kimi şüarlar səsləndiriblər.