Avropa Parlamentinin üzvünə bəyanat təqdim olunub

Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov, İdarə Heyətinin üzvü, AAK-ın baş katibi Arzu Oqtay və təşkilatın nəzarət təftiş komissiyasının üzvü Ofeliya Babayeva Xocalı soyqrımının 27-ci ildönümü ərəfəsində Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, Avropa İttifaqının Azərbaycan, Ermənistan, Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvü Sajjad Kerimlə görüşüb. “Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçıvəsində baş tutan görüşdə britaniyalı millət vəkilinə faciə ilə bağlı geniş məlumat verilib və bəyanat təqdim olunub.
AAK prezidenti Sahil Qasımov bildirib ki, Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Qarabağ həqiqətləri, Xocalı soyqrımı haqqında məlumatları mütəmadi olaraq yaşadıqları ölkələrin siyasətçilərinə, parlamentarilərinə çatdırırlar. Qeyd olunub ki, Avropa azərbaycanlıları beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsini tələb edir.
Avropa Parlamentinin üzvü Sajjad Kerim isə bəyanatla tanış olduqdan sonra bu barədə Böyük Britaniyanın millət vəkillərinə və eyni zamanda, parlamentdə üzv olduğu qruplara geniş məlumat verəcəyini deyib. May ayında Avropa Parlamentinə yeni seçkilər keçiriləcəyini bildirən Sajjad Kerim AAK-a yeni seçiləcək millət vəkilləri ilə sıx əməkdaşlıq etməyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqrımı haqqında mütəmadi məlumat verməyi tövsiyə edib.
Daha sonra AAK nümayəndə heyəti Sajjad Kerimə Qarabağ həqiqətlərini və Xocalı soyqrımını əks etdirən kitablar hədiyyə edib.