Kiyevdə Xocalı soyqırımı hadisələri bədii üslubda təqdim olunub

Ukraynanın paytaxtı Kiyev şəhərində Xocalı soyqırımı hadisələrini bədii üslubda çatdıran “Böyüməyən uşaqlar” tamaşası nümayiş olunub. Tamaşanın əsas süjet xəttini müharibələrin, soyqırımların insan düşüncəsində buraxdığı ağır izlər və bunun nəticəsində faciə görmüş insanların cəmiyyətə adaptasiya olunmasında yaratdığı çətinliklər təşkil edir.
Səhnə əsəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD), Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) və Kiyev Azərbaycanlıları Konqresinin (KAK) təşkilatçılığı ilə Ukraynanın “Çornıy kvadrat” teatrı tərəfindən hazırlanıb.
Tamaşanın nümayişindən öncə, diaspor təşkilatlarının rəhbərləri Hikmət Cavadov, Rövşən Tağıyev, Oleq Krapivin, Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev çıxış edərək Xocalı soyqırımının xarici ölkələrdə tanıdılması istiqamətində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Bildirilib ki, tamaşa Xocalı soyqırımı barədə Ukrayna cəmiyyətində daha aydın təsəvvür yaradacaqdır.
Sonra Xocalı faciəsinin canlı şahidlərindən olan ukraynalı pilot Leonid Kravets çıxış edərək bu faciədən 27 il ötməsinə baxmayaraq, bütün hadisələrin kino lenti kimi gözünün qabağından keçdiyini bildirib. Tamaşanın ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkürünü bildirən pilot qeyd edib ki, layihənin Xocalı soyqırımının daha çox kütləyə çatdırılmasında böyük əhəmiyyəti var.
Tamaşanı izləyənlər arasında Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov, Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən Vəliyev, Ukraynanın Xalq artisti Vladimir Qrişko, Ukrayna Kikboksinq Federasiyasının prezidenti Olqa Pavlenko, Federasiyanın vitse-prezidenti Elşad İbrahimov, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllim və tələbə heyəti, diaspor fəalları və ictimaiyyət nümayəndələri olub.
Qeyd edək ki, tamaşa Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında səhnələşdirilib.