Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Avropa İttifaqının siyasi mərkəzi – Belçika Krallığının Brüssel şəhərində azərbaycanlıların Qarabağ həqiqətləri və Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş izdihamlı mitinqi keçirilib. Mitinqdə Avropanın müxtəlif ölkələrindən, təxminən 800-dək soydaşımız və Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak edib.
Azərbaycan himninin səsləndirilməsi ilə başlayan aksiya İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının sədri Günel Səfərovanın moderatorluğu ilə keçirilib. Mitinqdə çıxış edən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ingilis, alman, fransız, italyan, rumın və digər dillərdə “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəm və Şahbaza azadlıq!” və s. şüarlarla Avropa Parlamentinə, beynəlxalq təşkilatlara çağırış ediblər.
Mitinq iştirakçıları 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla bütün azərbaycanlı əsir və girovların azad edilməsi, Ermənistan tərəfinin münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərə riayət etməsi tələblərini səsləndiriblər. Aksiyanın sonunda bəyanat qəbul edilib. Bəyanat Avropa Parlamentinin məsul şəxsləri, beynəlxalq təşkilatlar, səfirliklər, bir çox dövlət və hökumət rəhbərləri daxil olmaqla 2000-ə qədər ünvana çatdırılıb.
Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Xocalı soyqırımı, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb.
Qeyd edək ki, aksiyada yerli və xarici media nümayəndələri iştirak edib və mitinq kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə geniş işıqlandırılıb.