Fransız yazıçı: Azərbaycan cəmiyyətində qadınların mühüm rolu var

Fransada «Azərbaycan: dünənki qadınlar» adlı kitabın təqdimatı və kitabda təsvir olunan portretlərin rəsm sərgisi təşkil edilib. Tədbir Azərbaycanın Dostları Assosiyasiyası (ADA) ilə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı, ölkəmizin Fransadakı Səfirliyinin dəstəyi ilə keçirilib.
ADA-nın Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr etdiyi silsilə tədbirlər çərçivəsində nəşr edilən kitab Fransanın “Favr“ nəşriyyat evində işıq üzü görüb. Görkəmli fransız yazıçısı və jurnalisti Jan Lui Quronun təşəbbüsü və rəhbərlyi ilə Nur Dolayın qələmə aldığı, rəsmlərini Fransua Kayyet Döneburun canlandırdığı kitabın əsas məqsədi tarix boyunca Azərbaycanda qadınların cəmiyyətdə mühüm yer aldığını göstərmək və bu irsin müasir dövrümüzə qədər davam etdiyini oxucuya çatdırmaqdır.
Təqdimat mərasimində iştirak edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan Demokratik Cumhuriyyəti yaradıldıqdan bəri Azərbaycanın bütün yaxın şərqdə müasirliyin rəmzinə çevrildiyini deyib. O vurğulayıb ki, Azərbaycan qadınlarına dünya ölkələrinin bir çoxundan öncə səsvermə hüququnun verilməsi artıq uzun əsrlər boynca Azərbaycan qadınının cəmiyyətdə əhəmiyyətli yer tutduğunu bir daha təsdiqləyir.
ADA prezidenti Jan-Fransua Mansel təqdimatda iştirak edən qonaqlara Azərbaycan haqqında məlumat verərək burada dünyəvi dəyərlərin bərqərar olduğunu, millətindən, dinindən, cinsindən asılı olmayaraq, bütün insanların bir ailə kimi mehriban, sülh və əmin-amanlıq şəraitində yaşamasından danışıb.
Artıq Azərbaycanla bağlı bir neçə layihənin müəllifi olan, ölkəmizə ilk səfərindən bəri burada rastlaşdığı sülhvsevər, azad fikirli insanlar, xüsusən də müasir, müstəqil və fəal qadınlar Jan Lui Quronun diqqətini cəlb edib. Fransalı yazıçı, digər müsəlman ölkələrindən fərqli olaraq Azərbaycan cəmiyyətində qadınların mühüm rolu olduğunu bu kitab vasitəsi ilə qərb dünyasına çatdırmaq istədiyini bidirib.
Kitabı qələmə alan fransalı publisist, jurnalist Nur Dolay Azərbaycan qadınlarının əzm və cəsarətinə heyran qaldığını bildirib. O, kitabda yer alan hər bir qadının haqqında ayrıca bir əsər yazılmasına və film çəkilməsinə layiq olduğunu vurğulayıb.