Dövlət Komitəsi ilə “ASAN Xidmət” arasında Memorandum imzalanıb

15 fevral 2019-cu il tarixində Diasporla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Sənədi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar.
Memorandum çərçivəsində “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda səyyar formada, habelə xaricdə yaşayan azərbaycanlılara müvafiq dövlət xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsi istiqamətində birgə tədbirlərin təşkili nəzərdə tutulur.
Həmçinin əməkdaşlıq istiqamətlərinə xaricdə yaşayan azərbaycanlıların hüquq və qanuni mənafelərinin daha etibarlı müdafiəsi, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına yönəlmiş hüquqi maarifləndirmə və təbliğat işlərinin aparılması məqsədilə ASAN Radionun və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətinin əlaqələndirilməsi daxildir.