E-mail:

info@diaspor.gov.az

EN
RU

Diaspor rəhbəri CDA Partiyasının səlahiyyətli nümayəndəsi ilə görüşüb

Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasında təmsil olunan “Hollandiya-Azərbaycan Mədəniyyət Evi”nin rəhbəri Elxan Mirhəşimli ölkənin aparıcı partiyalarından biri Xristian Demokratlar Partiyasının (CDA-nın) səlahiyyətli nümayəndəsi Anton Vijkhuijs ilə görüşüb. Friesland vilayətinin Leuwaarden şəhərində baş tutan görüşün məqsədi partiya üzvlərinə Azərbaycan haqqında düzgün informasiya çatdırmaq, ölkəmizin hazırki siyasi, iqtisadi və mədəni durumunu anlatmaq, dostluq və əməkdaşlıq əlaqələri yaratmaq olub.
Görüşdə E.Mirhəşimli son zamanlar Avropada ölkəmizə qarşı aparılan kampaniyanı xatırladaraq, bu qərəzli münasibətin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycan tolerant ölkədir, dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqlarla dostluq, eləcə də qonşuluq münasibətlərini qorumağa çalışır. O, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və bəyanatlara rəğmən qonşu Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğalda saxlamasını, Xocalı soyqırımının hüquqi qiymət almamasını təəssüflə qeyd edərək bildirib ki, bütün bunlarla yanaşı, Avropa Şurasının da Azərbaycanla bağlı qeyri-obyektiv qətnamələr qəbul etməsi Hollandiyadakı azərbaycanlıların haqlı narazılığına səbəb olub.
Həmçinin CDA Partiyası üzvünün diqqətinə çatdırılıb ki, Azərbaycan tərəfi əsir və girov götürülmüş Ermənistan vətəndaşlarının hamısını, heç bir işgəncə vermədən geri qaytarsa da, qarşı tərəf uzun illərdir əsir və girovları qeyri-insani şəraitdə saxlamağa davam edir, onları işgəncələrə məruz qoyur, aparılan danışıqlara baxmayaraq geri qaytarmır. Eyni zamanda, insan haqları və humanizmdən dünyaya “səs salan” Ermənistanda yaxın günlərdə siyasi fəalın aclıq aksiyasından ölməsi də görüşdə xüsusi vurğulanıb.
CDA nümayəndəsi isə öz növbəsində Azərbaycan haqqında müsbət düşüncələrindən danışıb, şəxsən Bakıda olduğunu, 2015-ci ildə burada keçirilən Avropa Oyunlarında qızı Josien Viykhuijsin üzgüçülük üzrə Hollandiya yığmasının tərkibində gümüş medal qazanmasını, xalqımız və ölkəmiz haqqında gözəl təəssüratlarının olduğunu vurğulayıb. Eyni zamanda, təmsil etdiyi partiya adından bildirib ki, burada Azərbaycanı təmsil edən bütün diaspor təşkilatları ilə əməkdaşlıq etməyə, ölkəmizin milli-mədəni dəyərlərinin Hollandiyada nümayiş etdirilməsi üçün hər bir tərəfdaşlığa hazırdır.
Görüşdə qarşılıqlı sərgilərin, biznes forumların keçirilməsi, turizm əlaqələrinin genişləndirilməsi sahəsində layihələr müzakirə olunub və müvafiq əməkdaşlıq planının tərtib edilməsi qərara alınıb.