Haaqada milli azlıqların görüşü keçirilib

Niderland Krallığının Haaqa şəhərində kral ailəsinin təşəbbüsü və dəstəyi ilə Yeni İl görüşü keçirilib. Görüşün təşkilatçılarından biri də Hollandiya Azərbaycan-Türk Kültür dərnəyidir. Tədbirin təşkilində məqsəd Haaqa şəhərində yaşayan milli azlıqların bir araya gətirilərək biri-biriləri ilə yaxından tanış olması, öz aralarında əlaqələr qurmağa şərait yaradılması və onların cəmiyyətə inteqrasiyasına yardım edilməsidir. Tədbir zamanı ayrı-ayrı xalqların nümayəndələri qrup və fərdi şəkildə müzakirələr aparıb, biri-birilərinə fəaliyyətləri və gördükləri işlərlə bağlı informasiyalar veriblər. Müzakirələrdə tədbirin inteqrativ əhəmiyyəti və milli azlıqlar arasında dost münasibətlərin formalaşmasındakı rolu qeyd edilib. Daha sonra tədbir müxtəlif xalqların musiqi nümunələrinin səsləndirilməsi ilə davam edib. Qarşılıqlı səmimiyyət şəraitində başa çatan görüşün növbəti illərdə də keçirilməsi qərara alınıb.