Rusiyada 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib

Rusiya Federasiyasının müxtəlif şəhərlərində 1990-cı ilin 20 yanvar tarixində Bakıda baş vermiş faciəli hadisələrin 29-cu ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib. Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərində, Yaroslavl, Perm, İstra, Çuvaşiya, Murmansk, Lipetsk, Ulyanovsk, Krasnodar, Pyatiqorsk, Həştərxan, Xantı-Mansiysk, Tatarıstan, Krasnoyarsk, Amur, Smolensk, Samara, Udmurtiya, Çelyabinsk, Ryazan və digər regionlarında keçirilən anım tədbirlərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Azərbaycanın diplomatik nümayəndəliklərinin, Rusiyanın Azərbaycan İcması, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, müxtəlif regionlarda fəaliyyət göstərən Azərbaycan milli-mədəni muxtariyyətləri və digər Azərbaycan diaspor təşkilatlarının iştirakı ilə keçirilmiş konfrans, dəyirmi masa və seminarlarda çıxış edənlər 20 Yanvar hadisələri ilə bağlı təəssüratlarını bölüşüb və bu hadisələrin Azərbaycan tarixinə faciə ilə yanaşı qəhrəmanlıq səlnaməsi kimi həkk olunduğunu qeyd ediblər.