Şimali Kiprin dövlət televiziyası 20 Yanvar hadisələri barədə proqramlar yayımlayıb

Şimali Kiprdə fəaliyyət göstərən BRT, ADA və s. televiziya kanallarında Qanlı Yanvar hadisələrinin 29-cu il dönümü ilə bağlı proqramlar təşkil olunub.
Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə cəmiyyətin sədri Orxan Həsənoğlu tanınmış teleaparıcı Əziz Qaraəzizin təqdimatında “Gündəm Art” proqramının qonağı olub.
Orxan Həsənoğlu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətin səbəb və məqsədləri barədə müfəssəl məlumat verib. 20 Yanvar hadisələri və xalqımıza qarşı həyata keçirilən terror hadisələrinin tarixi barədə danışan Orxan Həsənoğlu bildirib ki, 20 yanvar xalqımızın tarixində həm də qəhrəmanlıq səlnaməsinin yazıldığı bir gündür. Milli hisslərin oyandığı bir tarix kimi yaddaşımıza həkk olunan bu tarix eyni zamanda ulu öndər Heydər Əliyevin dar gündə Azərbaycan xalqı ilə həmrəy olması ilə yaddaşlarda qalıb. Diaspor sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük bir inkişaf yolu keçən Azərbaycan artıq 1990-cı illərdəki ölkə deyil. Artıq dünyada özünəməxsus yeri olan və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən, dünyada tanınan qüdrətli bir ölkədir.