Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları uşaq evini ziyarət edib

Yanvar ayının 6-da Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Şağan qəsəbəsindəki 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün 200 yerlik internat evini ziyarət edib.
Yerli Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə internat evində olan ziyarətçilər uşaqları bayram sovqatı ilə sevindirib, internat evinin vəziyyəti ilə yaxından tanış olub və bu cür təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyi bildirilib.
İnternat evinin rəhbərliyi və kollektivinə Dövlət Komitəsinin fəaliyyəti barədə qısaca məlumat verən Komitə əməkdaşları Azərbaycan diasporunu və ölkəmizə dost olan dünya xeyriyyə təşkilatlarını da bu cür sosial layihələrə cəlb etmək barədə planların olduğunu qeyd ediblər. Bildirilib ki, bununla bağlı Dövlət Komitəsində müvafiq strategiya da hazırlanıb. Strategiyada Azərbaycan diaspor üzvlərinin ölkəmizə səfəri zamanı qayğıya ehtiyacı olan insanları ziyarət etməsi, onlara maddi yardımlar göstərilməsi, onların müalicəsi və müayinəsi işlərində fəal iştirak etməsi kimi məsələlər nəzərdə tutulur.