İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Gənc Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı qeyd olunub. 250 nəfərdən artıq qonağın qatıldığı tədbirdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, Türkiyə Azərbaycan İş Adamları Birliyi, Türk Dünyası İşbirliyi Topluluğu və digər təşkilatların nümayəndələri, Türkiyədə çalışan azərbaycanlı müəllimlər və akademiklər, incəsənət xadimləri, həkimlər, iş adamları, həmçinin xarici və azərbaycanlı tələbələr iştirak edib.
Tədbirdə Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyev qonaqları salamladıqdan sonra yeni qurulmuş təşkilat və iş planı haqqında məlumat verib. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmasında ümummili lider Heydər Əliyevin xidmətlərindən bəhs edən təşkilat rəhbəri Həmrəylik Günü və Yeni il bayramı münasibətilə soydaşlarımızı təbrik edib.
Daha sonra İstanbuldakı Baş Konsulluğun nümayəndəsi Ayaz Piriyev, təşkilatın üzvlərindən Pərviz Məmmədzadə və Yıldız Texniki Unversitetinin akademiki Adil Allahverdiyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik gününün əhəmiyyətini, ümummilli lider Heydər Əliyevin bu günün qeyd edilməsində müstəsna rolunu iştirakçıların diqqətinə çatdırıblar.
Həmçinin, dərnəyin qısa müddət ərzində azərbaycanlıları öz ətrafında toplaması və həyata keçiriləcək layihələrin təqdirəlayiq olduğunu vurğulayan qonaqlar, Gənc Azərbaycanlılar Dərnəyinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbir rəsmi hissədən sonra Azərbaycan musiqiləri və rəqslərindən ibarət konsert proqramı ilə davam edib.