San-Dieqo şəhəri 31 dekabr tarixini “Azərbaycanlıların Həmrəylik Günü” elan edib

Amerikanın Kaliforniya ştatının San-Dieqo şəhəri 2018-ci il 31 dekabr tarixini "Azərbaycanlıların Həmrəylik Günü" elan edib. Mövcud bəyanat şəhər Bələdiyyə başçısı Kevin Faulconer tərəfindən imzalanıbdır.
Bəyanatda Bələdiyyə başçısı qeyd edib ki, "Azərbaycan xalqı 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasını qurub və bütün müsəlman dünyasında ilk dünyəvi demokratik dövlət olub".
Eyni zamanda qeyd edilir ki, Azərbaycan müsəlman, xristian və yəhudilər arasında sülhün bərqərar olmasını və dinlərarası harmoniyanın mövcudluğunu qoruyub saxlayıb.
Sənəddə bildirilir ki, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra “Azərbaycan Respublikası öz azadlığı və müstəqilliyini möhkəmləndirməklə dünyanın ən sürətli inkişaf edən və müasirləşən ölkələrindən birinə çevrilib. Azərbaycan bölgənin ən böyük iqtisadiyyatına malik olmaqla Cənubi Qafqazda ABŞ-ın mühüm ticarət tərəfdaşıdır”.
Qeyd edək ki, hər il dekabrın 31-i dünyanın hər yerində, o cümlədən, San-Dieqo şəhərində minlərlə insanın iştirakı ilə Azərbaycanlıların Həmrəylik Günü kimi qeyd olunur.