Misirdə Azərbaycanlıların Həmrəylik Günü qeyd edilib

"Vətənpərvər" - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan diasporunun üzvləri ilə görüş təşkil edib. Təşkilatın ofisində baş tutan görüşdə Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyinin nümayəndələri, burada işləyən və təhsil alan azərbaycanlılar iştirak edib.
Tədbirdə çıxış edən Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Həmrəylik Gününün tarixindən və əhəmiyyətindən danışaraq, Misirdə yaşayan soydaşlarımızın birliyinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən bəhs edən diaspor rəhbəri son bir ildə təşkilatın 600 dən çox misirli tələbəyə Azərbaycan dili, mədəniyyəti və tarixinin tədris olunduğunu, eləcə də Azərbaycan həqiqətlərinin təbliğ edildiyini diqqətə çatdırıb.
S.Nəsirov Misirdə doğulan soydaşlarımızın ana dilini öyrənməsi üçün gələn ildən etibarən, diaspor mərkəzində uşaqlar üçün də Azərbaycan dili dərslərinin nəzərdə tutulduğunu qeyd edib.
Qeyd edək ki, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində aralarında azərbaycanlılar olmaqla dünyanın 17 ölkəsindən 180 dan çox tələbədən müxtəlif ixtisaslar üzrə ödənişsiz təhsil alır.