Gürcüstanda azərbaycanlı icmasına aid QHT rəhbərləri mükafatlandırılıb

Azərbaycanlı icmasına aid “Yeni Düşüncə İnstitutu” qeyri-hökumət təşkilatının təsisçiləri Gürcüstandakı Hollandiya Səfirliyi tərəfindən “İnsan Hüquqları Lalə” mükafatına layiq görülüb.
Mükafat Gürcüstan azərbaycanlılarının sıx yaşadığı Kvemo Kartli bölgəsində icma mərkəzləri təşkil etməklə yerli gənclər üçün təhsil imkanları yaratdığına görə “Yeni Düşüncə İnstitutu”nun təsisçiləri Ariz Daşdəmirli (təşkilatın rəhbəri) və Kamran Əfəndiyevə təqdim olunub.
Əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlılarda milli şüurun formalaşması və gürcü cəmiyyətinə düzgün inteqrasiya prosesini sürətləndirmək olan “Yeni Düşüncə İnstitutu” QHT-nin hazırda Kvemo Kartli bölgəsinə daxil olan Marneuli rayonunun Mollaoğlu, Xuldərə və Sadaxlı kəndlərində mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə yerli azərbaycanlılara ödənişsiz əsaslarla müxtəlif təlimlər, kurslar təşkil edilir, kitabxana, tərcümə, kompüter xidmətləri göstərilir.