Niderlandda ümummilli liderin xatirəsinə həsr edilən anım mərasimi keçirilib

Azərbaycanın Niderlanddakı Səfirliyinin, Belçika və Niderlandda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə səfirlikdə ulu öndər Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev çıxış edərək ümummilli liderin həyat və fəaliyyəti haqqında danışıb. C.Mirzəyev ulu öndərin həyat və fəaliyyətinin örnək olduğunu və Azərbaycana rəhbərlik etdiyi illərin tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunduğunu deyib.
Belçika və Niderlandda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva Azərbaycan tarixinin 35 illik dövrünün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Azərbaycanda dövlətçilik ənənələrinin bərqərar edilməsinin, müstəqilliyimizin möhkəmləndirilməsinin, onun dönməz xarakter almasının və Azərbaycanın müxtəlif sahələrdə uğurlu inkişafının, məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində mümkün olduğunu bildirib.
Tədbirdə diaspor rəhbərləri və nümayəndələri də çıxış edərək ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin əməkdaşları və Niderlandda yaşayan soydaşlarımız, Azərbaycan diaspor təşkilatlarının üzvləri də anım tədbirində iştirak ediblər.