Dövlət Komitəsində ulu öndərin xatirəsi anılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) kollektivi və bir qrup diaspor rəhbəri bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyub.
Daha sonra Dövlət Komitəsində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimi giriş sözü ilə Komitə sədri Fuad Muradov açaraq tədbirdə iştirak edən qonaqları salamladı. Qeyd etdi ki, dahilər ölmür, onların ancaq doğum günləri olur, Heydər Əliyev də daim bizimlədir.
Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyev Fondunun ulu öndərə həsr etdiyi qısametrajlı sənədli film nümayiş olunub.
Mərasimdə iştirak edən Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, ölkənin inkişafında ulu öndərin misilsiz xidmətlərindən danışıb. Deputat ulu öndərin 1993-cü ildə parlamentdə gənclərlə keçirdiyi görüş, I Gənclər Forumu, daha sonra ölkənin idman ictimaiyyəti ilə keçirdiyi görüşlərlə bağlı xatirələrini bölüşüb.
Dövlət Komitəsinin sədri Fuad Muradov isə müstəqil Azərbaycanın banisi Heydər Əliyevin Azərbaycan diaspor siyasətinin formalaşması, xaricdəki soydaşlarımızın təşkilatlanması, DİDK-nın yaradılması istiqamətində əvəzsiz rolundan bəhs edib. Bu gün ulu öndərin azərbaycançılıq ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin xaricdəki soydaşlarımıza hər zaman diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Dövlət Komitəsinin sədri həmçinin, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ulu öndərin zəngin irsinin, ölkəmizin mədəni dəyərlərinin davamlı olaraq təbliğ edildiyini də diqqətə çatdırıb.
Anım mərasimində Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən diaspor rəhbəri Aleksandriya Soltanzadə və digərləri çıxış edərək ulu öndərlə bağlı xatirələrini, fikirlərini bölüşüblər.