Cümhuriyyətin 100 illiyi Şimali Kiprdə qeyd edilib

Vitse spiker “Çırpınırdı qara dəniz” mahnısını ifa edib

İyulun 5-də Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib. Bu münasibət ilə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkil etdiyi ziyafətdə azərbaycanlı və Şimali Kiprli rəsmi şəxslər və ziyalılar iştirak edib. Ziyafətin fəxri qonaqları arasında Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Milli Məclisinin vitse spikeri Zorlu Töre, ŞKTC-in millət vəkili, sabiq təhsil naziri Özdemir Berova və başqaları olub.
Ziyafəti açan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Cümhuriyyət tarixindən danışıb, ölkənin inkişaf yoluna nəzər salıb. Natiq 5 iyul tarixinin daha bir əhəmiyyət daşıdığını qeyd edərək, bu gün Diaspor Komitəsinin 16 ili olduğunu bildirib və qonaqları bu mövzuda hazırlanan tanıtım rolikinə baxmağa dəvət edib.
Sonra çıxış edən Azərbaycan Milli Məclisinin üzvü Sona Əliyeva ölkəmizin təbliğatı üçün bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib və ölkəmizin tarixi özəlliklərini iştirakçıların diqqətinə çatdırıb. Millət vəkili qeyd edib ki, ölkəmiz hələ 100 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə olaraq demokratik dəyərlərin əsasını qoyub. Bu gün müstəqilliyimizi və həmrəyliyimizi qorumaq hər kəsin vəzifəsidir.
Mərasimdə çıxış edən əməkdar elm xadimi, professor Şahlar Əsgərov isə inkişaf tarixinin fəlsəfəsindən danışıb. Bildirilib ki, tarixin inkişafı ictimai mənafenin inkişaf yoludur. Həmvətənlərimizin həmrəyliyi əbədidir.
Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin təmislçisi İsmayıl Ənsərlı də ziyafətdə çıxış edərək, təmsil etdiyi qurumun sədri Fuad Muradovun forum iştirakçılarına salamlarını çatdırıb.
Şimali Kipr Milli Məclisinin vitse spikeri Zorlu Töre də mərasimdə çıxış edib və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini “Çırpınırdı qara dəniz” mahnısını ifa edərək təbrik edib.
Şimali Kiprin millət vəkili, sabiq təhsil naziri Özdemir Berova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təbrik edərək, Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən fikirlər səsləndirib.
Tanınmış bəstəkar Cavanşir Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musağlu da çıxışçılar arasında olub. Natiqlər AXC-in dövlətçilik tariximizdəki xüsusi rolundan danışaraq, bu tarixi hadisə ilə bağlı hər kəsi təbrik ediblər.
Ziyafətdə milli yeməklərimiz təqdim edilib. Süfrəyə xüsusi təqdimatla gələn pilov iştirakçıların alqışları ilə qarşılanıb.
Həmvətənlərimizin ifasında səslənən milli mahnılarımız isə foruma xüsusi rəng qatıb və davamlı alqışlarla müşaiyət olunub.