Ceyhun Hacıbəylinin varisləri Şəhidlər Xiyabanını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Azərbaycana gələn Ceyhun Hacıbəylinin varisləri bu gün Bakıda bir sıra görüşlər keçirib. C.Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin, dahi bəstəkar Üzeyir Hacıbəyovun və Niyazinin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarına tər güllər düzülüb, “Əbədi məşəl” abidəsi ehtiramla yad olunub.
Şəhidlər Xiyabanını ziyarət etdikən sonra qonaqlar jurnalistlərin suallarını cavablandırıb. Fransada mühacir həyatı ilə bağlı xatirələrdən danışan Benjamin Hacıbəyli Bakıya sonuncu dəfə 12 il bundan əvvəl gəldiyini qeyd edib. O, Bakının çox dəyişdiyini və inkişaf etdiyini bildirib. Şəhərimizin çox gözəl olduğunu deyən B.Hacıbəyli burada müasir binalarla yanaşı, tarixi abidələrin də diqqət çəkdiyini vurğulayıb.
Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe isə qeyd edib ki, səfər çox mənalıdır və görüşdən məmnunluq duyur.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində olan qonaqlara qurumun fəaliyyəti, onun yerləşdiyi binanın tarixi, Azərbaycanın məşhur şəxsiyyətləri haqqında məlumat verilib.
Ceyhun Hacıbəylinin varisləri gün ərzində Üzeyir Hacıbəyovun Ev Muzeyini ziyarət edib, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində görüş keçirib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Bakıya gələn qonaqlar dekabrın 9-dək bir sıra tarixi yerlərdə olacaq, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.