Dövlət Komitəsində İpək Yolu ölkələrinin gəncləri ilə görüş keçirilib

Bakıda keçirilən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının İclasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan gənclərlə Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib.
İttifaqa daxil olan 16 müxtəlif ölkədən olan gənclərlə görüşdə Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumat verilib, diaspor işində gənclərin rolunun artırılması imkanları müzakirə edilib. Görüşdə İpək Yolu coğrafiyasındakı gənclərlə əməkdaşlığın gücləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci il 27-29 iyun tarixlərində Bakıda keçirilən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresində təsis olunub. Hazırda Bakıda İttifaqın Üzvlər Şurasının iclası keçirilir. Tədbirin məqsədi tarixi İpək Yolu coğrafiyasında mədəniyyətlərarası dialoqun inkişafına şərait yaratmaq, gənclər arasında əlaqələri gücləndirmək, inteqrasiya prosesinə tövhə vermək, İttifaqın beynəlxalq arenada fəaliyyətini təmin etməkdir.