Misirdə təhsil almağa gələn yeni tələbələrlə görüş keçirilib

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirə təhsil almaq üçün gələn yeni tələbələrlə görüş keçirib.
S.Nəsirov görüşdə Azərbaycanla Misir arasında tarixi, mədəni əlaqələrdən danışıb və son illər bu əlaqələrin daha da genişləndiyini söyləyib. Buna nümunə olaraq o, hər iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərlərini, Misir-Azərbaycan parlamentlərarası dostluq komissiyasının yaranmasını, diplomatik və xidməti pasport daşıyan vətəndaşların vizasız səfər etmələrini göstərib.
Birliyin sədri Misirdə Azərbaycanı təbliğ etmək yolları haqqında öz tövsiyələrini verib, tələbələri maraqlandıran sualları cavablandırıb. Diaspor rəhbəri, həmçinin onları vətəni təbliğ etmək və Azərbaycan həqiqətlərini ictimaiyyətə çatdırmaq məqsədilə sosial şəbəkələrdə fəal olmağa çağırıb.
Qeyd edək ki, hər il Misir Mədəniyyət Mərkəzi tərəfindən Misirə təhsil almaq üçün göndərilən tələbələr, diaspor tərəfindən qarşılanır, onların yerləşdirilməsi, sənədlərinin qaydaya salınması və təhsil almasında bütün lazımi köməkliklər göstərilir.