Belqrad Universitetində “Azərbaycanda Din” mövzusunda seminar keçirilib

14 noyabr 2018-ci il tarixində Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində “Azərbaycanda Din” mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda Novi Sad Universitetinin professoru Zərifə Əlizadə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətdən danışıb. Qeyd edib ki, uğurlu siyasət nəticəsində Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkana çevrilib. Azərbaycanda rəngarəng milli-mədəni mühit formalaşıb, ayrı-ayrı millətlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayır. Bildirib ki, Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri də sərbəst fəaliyyət göstərir və onlara dövlət tərəfindən lazımi dəstək verilir.
Z.Əlizadə həmçinin, seminar iştirakçılarına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə də məlumat verib.
Tədbirdə Belqrad Universitetinin professor və tələbə heyəti, diaspor nümayəndələri və Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları iştirak edib.