Daşkənddə Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd edilib

Daşkənddə Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı Firudin Səfərovun 85 yaşı qeyd edilib. Teatrda keçirilən yubiley tədbirində Azərbaycanın və digər ölkələrin Özbəkistandakı səfiri, diplomatlar, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Özbəkistan Mədəniyyət Nazirliyinin nümayəndəsi Müqəddəs Axmedcanova, SSRİ Xalq artisti Yaqub Əhmədov və digərləri çıxış edərək Firudin Səfərovun həyat və yaradıcılığından danışıblar. Qeyd olunub ki, opera sənəti qarşısındakı xidmətlərinə görə Özbəkistan prezidentinin fərmanı ilə F.Səfərov “Əmək şöhrəti” ordeni ilə təltif edilib.
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov Firudin Səfərovun rejissor kimi fəaliyyətindən danışıb, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbrik məktubunu oxuyub.
Tədbirdə yubilyara diplomlar, Özbəkistanın milli geyimi və digər hədiyyələr təqdim olunub. Sonda F.Səfərovun səhnələşdirdiyi Cüzeppe Verdinin “Aida” operası nümayiş etdirilib.