İğdırda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Türkiyənin İğdır şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) və “Azərbaycanlılar və türk dilində danışan xalqlarla əməkdaşlıq” Mərkəzi (ATXEM) tərəfindən birgə təşkil olunan mərasimdə iki qardaş ölkəni təmsil edən rəsmi şəxslər, deputatlar, diplomatlar, tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edənlər belə bir mərasimin İğdırda keçirilməsinini əhəmiyyətindən danışıblar. Çünki XX əsrin əvvəllərində Azərbaycanda baş verən proseslər, o cümlədən xalqımıza qarşı tətbiq olunan qeyri-insani hərəkətlər müasir Türkiyənin şərqində, eləcə də İğdır bölgəsində də yaşanıb. Qeyd edilib ki, cümhuriyyətin şərəfli missiyası hər bir türkiyəlinin qəlbində iftixar yeridir.
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən danışan İğdır vilayətinin başçısı Ənvər Ünlü və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Cümhuriyyətimizin 100 illiyi münasibətilə təbriklərini çatdırıblar. Azərbaycanın müstəqilliyinin qorunmasını və dövlətimizin inkişafını Türkiyə üçün son dərəcə əhəmiyyətli bir sərvət kimi dəyərləndiriblər. Ölkələrimizin birgə siyasi qərarlar sayəsində əldə etdikləri dinamik inkişafın tarixi nailiyyət olduğu vurğulanıb.
Tədbir bədii proqramla davam edib.