Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Kaliforniyada yaşayan soydaşlarımız və diaspor təşkilatlarının fəalları ilə görüşüb. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda keçirilən görüşdə Azərbaycan dövlətinin diaspor siyasətini və Diaspor Komitəsinin son 6 ayda gördüyü işləri əks etdirən bir neçə video çarx nümayiş olunub. Sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev görüş iştirakçılarını salamlayaraq, Kaliforniyadakı Azərbaycan icması və bu icma ilə əməkdaşlıq haqqında məlumat verib. Bildirib ki, bu gün 1 milyondan çox erməninin yaşadığı Kaliforniya kimi ştatda Azərbaycan icmasının birgə fəaliyyət göstərərək daha da güclənməsi böyük önəm kəsb edir.
Nümayəndə heyətinin rəhbəri, Dövlət Komitəsinin sədri Fuad Muradov isə çıxış edərək Azərbaycan dövlətinin diaspor siyasətinin əsas istiqamətlərini, gözləntilərini və hədəfləri diqqətə çatdırıb. Komitə sədri, eyni zamanda son 7 ayda Azərbaycan diaspor nümayəndələri və Gürcüstandakı soydaşlarımız ilə görüşlər barədə də danışıb. Azərbaycanlıların Koordinasiya Şuraları barədə söz açan Komitə sədri ayrı-ayrı dövlətlərin diaspor siyasəti ilə məşğul olan qurumları ilə əməkdaşlıq, ölkəmizə dost xalqların diaspor rəhbərləri ilə görüşlər, milli-mədəni irsimizin və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlər, eləcə də Komitənin gələcək planları barədə geniş məlumat verib.
Görüş zamanı soydaşlarımızı maraqlandırılan suallar cavablandırılıb, onları narahat edən məsələlər və diaspor fəaliyyəti ilə bağlı təklifləri dinlənilib. ABŞ-da yaşayan həmyerlilərimizin diaspor sahəsində daha səmərəli fəaliyyət istiqamətləri müzakirə olunaraq müvafiq razılaşmalar əldə edilib.