Dövlət Komitəsində Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) rəhbəri Abdullah Erenlə görüş keçirilib.
Qonaqları salamlayan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev hər iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən, 100 il əvvələ söykənən bu əlaqələrin bu gündə ölkə başçılarının rəhbərliyi ilə siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə uğurla inkişaf etməsindən danışıb. Bildirilib ki, hələ SSRİ dönəmində, ümummilli lider Heydər Əliyev tərəfindən azərbaycanlıların xarici dövlətlərin nüfuzlu universitetlerinə göndərməklə bir sıra ölkələrdə Azərbaycan diasporunun əsasını qoyub.
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinun rəhbəri Abdullah Eren isə öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək, qeyd edib ki, bu gün Avropada yaşayan 5 milyon türkün dilini, mədəniyyətini qoruması, eyni zamanda yaşadıqları ölkələrin siyasi həyatında aktivliyinin artırılması qarşıya qoyulan əsas məqsədlərdir. Türkiyə ali məktəb məzunları ilə görüşdə iştirak məqsədilə ölkəmizə gəldiyini qeyd edən A.Eren Türkiyə Məzunları Proqramı haqqında da söhbət açıb. Bildirib ki, bu gün dünyada 140 min tələbəni əhatə edən proqramdan 350 azərbaycanlı tələbə də yararlanır. Bununla yanaşı, 2017-ci ildən start götürən proqram əsasında indiyə qədər 30 ölkənin 36 şəhərində 50 məzun görüşü təşkil olunduğunu diqqətə çatdırıb.
Görüşdə, 1990-cı illərdə Türkiyəyə köçmüş və hazırda orada qeyri-qanuni məskunlaşmış azərbaycanlıların problemləri də müzakirə olunub. İdarə rəhbəri bildirib ki, Azərbaycan tərəfi həmin şəxslərin Azərbaycan Respublikasına mənsubluğunu təsdiq edən sənədlərlə təmin etməsi və yaxud mövcud şəxsiyyətlərini təsdiq edən sənədlərinin yenilənməsi prosesini başa çatdırdıqdan sonra Türkiyə tərəfi öz dəstəyini göstərəcəkdir.