E-mail:

info@diaspor.gov.az

EN
RU

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da görüşlərə başladı

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti 13 noyabr tarixindən ABŞ-da səfərdədir.
Nümayəndə heyətinin ABŞ-a səfəri Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda ümummilli lider Heydər Əliyevin büstünü ziyarət və gülqoyma mərasimi ilə başladı. Daha sonra nümayəndə heyəti Meksikanın Los-Ancelesdəki baş konsulu Carlos Eugenio Garcia de Alba Zepeda ilə görüşdü. Görüşdə Azərbaycan dövlətinin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycan Diasporuna Dəstək Fondu haqqında məlumat verildi. İki ölkənin diasporları arasında gələcək əməkdaşlıq perspektivləri, eyni zamanda ABŞ-dakı Meksika diasporunun tarixi, coğrafiyası, çətinlikləri, inkişaf prosesi və birlikdə uğurlar əldə etmək üçün gələcək planlar barədə geniş müzakirələr aparıldı.
***
Nümayəndə heyətinin növbəti görüşü San Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq ilə baş tutdu. Ölkəmizin Baş Konsulluğunda qonağı salamlayan Komitə sədri Azərbaycan Diasporuna Dəstək Fondu barədə geniş məlumat verərək, Kaliforniyanın ən böyük şəhərlərindən biri kimi San Dieqo ilə qarşılıqlı əməkdaşlığın zəruri olduğunu bildirdi. Sonda ABŞ-da mədəniyyətimizin tanıdılması və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində daha çox işlərin görülməsi üçün razılığa gəlindi.
***
Daha sonra Baş Konsulluqda Koreya-Asiya icmasının 40 üzvü ilə görüş keçirildi və Azərbaycanın tolerantlıq modeli haqqında qısametrajlı film nümayiş etdirildi. Görüşdə Azərbaycanın Asiya ölkələri, xüsusən Koreya ilə əlaqələri, Azərbaycanın turizm potensialı və diasporun dünyadakı mövcud vəziyyəti qonaqların diqqətinə çatdırıldı. Azərbaycana dair qarşılıqlı sual-cavab formatında baş tutan görüş böyük marağa səbəb oldu. Tədbirin sonunda hər iki xalqın nümayəndələrinin ABŞ-ın Kaliforniya ştatında öz qüvvələrini birləşdirib daha sıx əməkdaşlıq etmələri istiqamətində işlər görülməsi qərara alındı.
Gün ərzində Şimali Amerika Yəhudi Federasiyalarının idarə heyətinin sabiq sədri (2017-18), Milken Ailə Fondunun vitse-prezidenti, Kaliforniya Berkli Universiteti Fondunun idarə heyətinin üzvü Richard Sandler ilə də görüş baş tutdu. Görüş zamanı Azərbaycan və Yəhudi icmaları, eləcə də Azərbaycan-İsrail arasındakı əlaqələrdən söhbət açıldı, Azərbaycan Diasporuna Dəstək Fondu ilə Milken Fondu arasında əməkdaşlıq perspektivləri müzakirə edildi.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun İran-Amerika Yəhudi Federasiyasının ev sahibliyi ilə təşkil etdiyi tədbirdə də iştirak etdi. Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov Azərbaycan və yəhudi xalqlarının dostluğu, Azərbaycan-İsrail münasibətlərinin tarixi, gələcək perspektivləri barədə danışaraq, hər iki xalqın ABŞ-da əlaqələrinin möhkəmləndirilməsi və maraqları naminə birgə fəaliyyət göstərməsinin vacibliyini vurğuladı.
Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev keçirilən görüşlərdə nümayəndə heyətini müşayiət edib.