Almatıda Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib

Qazaxıstanın Almatı şəhərində Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin Azərbaycan mədəniyyəti və tarixi mərkəzində 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Tədbir Qazaxıstan Milli Universitetinin Azərbaycan mədəniyyəti və tarixi mərkəzinin, Azərbaycan səfirliyinin və tanınmış ziyalı Nasixa Kenjinanın birgə təşkilatçılığı ilə baş tutub.
Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov, Qazaxıstan Xalqlar Assosiasiyasının üzvü, qazax dili üzrə tanınmış azərbaycanlı filoloq Əsli Osman, yerli və xarici qonaqlar, tanınmış elm adamları, ziyalılar və tələbələr iştirak edib.
Mərasimdə çıxış edənlər üçrəngli bayrağımızın tarixindən, onun əhəmiyyətindən danışaraq, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyi vurğulanıb.
Tədbir Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filminin nümayişi ilə davam etdirilib.