EN
RU

Ukrayna Azərbaycanlıları erməni təxribatına etiraz edir

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə Heyəti yekdilliklə Kaliforniya ştatının Qlendeyl şəhərində Merilənd prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılmasına qarşı bəyanatla etirazlarını bildiriblər.
Prospektin adının dəyişdirilməsi bilavasitə Qlendeyl şəhərinin erməni əsilli meri və ABŞ-ın erməni icmasının nümayəndələrinin fəal və məqsədyönlü dəstəyi ilə baş tutub.
Bəyanatda qeyd edilir ki, təcavüzkar ölkənin nümayəndələri bütün mümkün vasitələrdən saxtakarlıqla istifadə etməklə beynəlxalq hüquq norma və prinsiplərini pozaraq Azərbaycanın işğal olunmuş ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi tanıtmağa çalışırlar. “Biz təəssüf hissi ilə bildiririk ki, Amerika tərəfindən atılan bu addım Qarabağ münaqişəsini daha da dərinləşdirərək məsələnin sülh yolu ilə həllini əngəlləyir. Münaqişə bu gün də gənc insanların həyatına son qoyur, ən təhlükəlisi isə separatizm dalğasını bütün planetə yayır” - deyə bəyanatda bildirilir.
Həmçinin, Ukrayna azərbaycanlıları inamla bəyan edirlər ki, dünyada demokratiya nümunəsi olan ABŞ vətəndaşları öz küçələrinin, prospektlərinin, şəhərlərinin adlarını dəyişməklə işğal etdikləri torpaqlarda separatist rejim quran bir ölkəyə dəstək göstərməyəcəklər.
Ukrayna azərbaycanlıları dünyanın hər tərəfində yaşayan soydaşlarımızı bu məsələyə biganə qalmamağa, http://www.stopprovocation.com ünvanından petisiyanı imzalamaqla öz həmrəyliklərini ifadə etməyə çağırıblar. “Biz Ermənistanın işğalçılıq siyasətinə qarşı öz həmrəyliyimizi bir daha nümayiş etdirməliyik!”- deyə bəyanatda bildirilir.