Dövlət Komitəsində Almaniya nümayəndə heyəti ilə görüş keçirilib

Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı Fraksiyasının, eləcə də İqtisadiyyat və Energetika Komitəsinin üzvü Mark Hauptman, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Haiser və Almaniyanın nüfuzlu iş adamlarının daxil olduğu nümayəndə heyəti ilə Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib.
Qonaqları salamlayan Komitə sədri ölkələrimiz arasında əlaqələrdən danışaraq Azərbaycan diasporu və diaspor hərəkatının yeni istiqamətləri barədə məlumat verib, prezident İlham Əliyevin Azərbaycan diasporunun inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib. Komitə sədri son dövrlərdə Avropa ölkələrinə reallaşan səfərləri barədə məlumat verib, Avropada yaranan Koordinasiya Şuralarının məqsəd və məramı barədə danışıb. Almaniyada məskunlaşan və eyni zamanda təhsil alan azərbaycanlılar, onların yaşadıqları cəmiyyətə inteqrasiyası, dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı, ortaq layihələr, Azərbaycan-Almaniya forumu, diaspor şəbəkəsinin yaranması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Səmimi görüş üçün təşəkkür edən qonaqlar Azərbaycana investisiya qoyulması ilə bağlı planlarından danışıb və ölkəmizdə investisiya üçün əlverişli mühit olduğunu qetd ediblər. Onlar peşə təhsili sahəsində layihələrə xüsusi diqqət etdiklərini və iqtisadi layihələrin gerçəkləşdirilməsində Almaniyada yaşayan 300 min azərbaycanlının bilik və bacarığından, potensialından istifadə etməyin vacibliyini nəzərə çatdırıblar.
Görüş zamanı, Komitə sədri diaspor fəaliyyətinin genişləndirilməsi üçün medianın imkanlarından daha geniş istifadə edildiyini qeyd edib, Diaspor TV, yaxınlarda işə başlayacaq Diaspor FM barədə məlumat verib və bildirib ki, əsas məqsədlərdən biri dünya azərbaycanlılarını vahid Koordinasiya Mərkəzində birləşdirməkdir. Görüşdən sonra, Almaniyalı qonaq Mark Hauptman Diaspor TV-yə müsahibə verib.