Kiyevdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tədbir keçirilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ukraynanın paytaxtı Kiyevdə Səməd Vurğun adına kitabxanada Azərbaycanın Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi münasibətilə yaradıcılıq gecəsi keçirilib. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, diaspor təşkilatlarının nümayəndələri, ukraynalı və azərbaycanlı gənclər, yaradıcı insanlar iştirak ediblər.
Məmməd Arazın yaradıcılığının əsas mövzusunun vətənpərvərlik olduğunu qeyd edən diplomat səfirliyin Ukraynada Məmməd Araz irsinin öyrənilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Səməd Vurğun adına kitabxananın direktoru Qalina Çebotarova isə çıxışında Məmməd Araz irsinin Ukraynada araşdırılmasının vacib olduğunu söyləyib. Bədii kitab bazasına görə Ukraynada nümunəvi kitab evlərindən biri sayılan bu kitabxanada mütəmadi olaraq Azərbaycanla bağlı tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Gənc fəal Marina Qonçaruk isə öz çıxışında Ukrayna və Azərbaycanın zəngin mədəni irsə malik olduğunu bildirərək, tədbirin əhəmiyyəti barədə danışdı. Məmməd Arazın nəhəng vətəndaş olduğunu vurğulayan Əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, professor Arif Quliyev şairin yaradıcılığında əsas ünvanın Vətən, Azərbaycan olduğunu söyləyib.
Tədbir çərçivəsində A.Quliyev Səməd Vurğun adına kitabxananın yaranmasının 40 illiyi ilə bağlı göstərdiyi xidmətə görə UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin fəxri diplomunu kitabxananın direktoru Qalina Çebotarova təqdim edib.
Daha sonra yaradıcılıq gecəsi maraqlı bədii proqramla davam etdirilib.