Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Dövlət Komitəsində görüş keçirib

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədri Seyfettin Ayakyayın rəhbərlik etdiyi QHT, diaspor təmsilçiləri və jurnalistlərdən ibarət nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib. Görüşdə Türkiyədəki Azərbaycan diaspor təşkilatlarının işi, iki ölkə diasporunun birgə fəaliyyətinin perspektivləri və digər məsələlər müzakirə olunub.
Qonaqları salamlayan Komitə rəhbərliyi 100 il öncə Azərbaycanın azadlıq mübarizəsinə Türkiyənin göstərdiyi dəstəyin bu gün də davam etdiyini vurğulayıb. Bildirib ki, iki ölkənin qardaşlıq münasibətləri diaspor təşkilatlarının fəaliyyətində də özünü göstərməkdədir. Müxtəlif ölkələrdəki Azərbaycan və türk diaspor təşkilatlarının ortaq problemi olan erməni yalanları ilə mübarizədə birgə fəaliyyətin, həmrəyliyin daha da gücləndirilməsi qeyd olunub. Yalnız birgə fəaliyyət nəticəsində bu gün dünyada gedən informasiya müharibəsində qalib gəlməyin mümkünlüyü vurğulanıb. Bu istiqamətdə yaşlılıarın təcrübəsindən istifadə etməklə gənclərin hazırlanmasının və jurnalistlərlə sıx əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda, hazırda Türkiyədə fəaliyyət göstərən 60-a yaxın Azərbaycan diaspor təşkilatının birgə fəaliyyətinin vacibliyinə də toxunulub, bu isqitamətdə atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətində təmsil olunan diaspor təşkilatlarının rəhbərləri, jurnalistlər çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həm də Türkiyənin problemi olduğunu ifadə ediblər. Azərbaycan həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlər haqqında məlumat verilib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.