Senatorlar ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər

ABŞ-ın İllinoys ştatından olan senatorlar Temmi Dakuort və Riçard Durbin Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 27-ci ildönümü münasibətilə İllinoys Azərbaycan icmasının üzvlərinə təbrik məktubları göndəriblər.
Təbrik məktubları ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan mərkəzinə ünvanlanıb. Məktublarda vurğulanır ki, bu təşkilatın fəaliyyəti, onun həyata keçirdiyi təhsil və xeyriyyə tədbirləri Çikaqonun ictimai həyatını zənginləşdirir. Təşkilatın üzvləri Amerika gənclərini Azərbaycan xalqının tarixi ilə, bu xalqa xas olan dəyərlərlə tanış edirlər.
Həmçinin məktubda qeyd edilir ki, bütün dünyada 50 milyondan çox azərbaycanlı, o cümlədən ABŞ-dakı 400 minlik Azərbaycan icması hər il 18 oktyabr tarixini Azərbaycanın müstəqillik günü kimi qeyd edirlər.