Mədəniyyət festivalında Qarabağ həqiqətləri təqdim edildi

Bu il oktyabr ayının 13-14-də Hollandiyanın Den Haaq şəhərində Türk Platformasında təmsil olunan cəmiyyətlərin ortaq fəaliyyəti nəticəsində çoxmədəniyyətli festival təşkil edilib. Proqramda bütün yerli və xarici cəmiyyətlər özlərinə məxsus mədəniyyətləri nümayiş etdirməyə çalışıblar. Proqrama Den Haaq bələdiyyəsinin məmurları, siyasətçilər və diaspor nümayəndələri də qatılıb.
Festivalda Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi də iştirak edib. Dərnək festivalda rəsm sərgisi açaraq erməni terrorçularının törətdikləri vəhşiliklərə dair şəkilləri, Xocalıda həyatını itirən insanlarımızla bağlı kitabları və CD-ləri paylaşıb. Minlərlə insanın qatıldığı festivalın sonunda təşkilatçılara gül dəstələri təqdim edilib.