Azərbaycan icmasına ağır itki üz verib

Azərbaycan diasporunun formalaşmasında xidmətləri olmuş, Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri, görkəmli ziyalı Vidadi Koroğlu oğlu Salahov oktyabr ayının 14-də vəfat etmişdir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi olaraq mərhumun ailə üzvərinə və yaxınlarına, eləcə də, Qazaxıstandakı Azərbaycan icmasının üzvlərinə dərin hüznlə başsağlığı verir, kədərləndiyimizi bildiririk.
Qeyd edək ki, Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. 1978-1983-cu illərdə Voronej Dovlət Universitetində təhsil alıb. O, 1983-1993-cü illərdə Qazaxstanın müxtəlif orta məktəblərində tarix muəllimi işləyib, 1994-1997-ci illərdə müxbir kimi fəaliyyət göstərib. 2004-cu ildən “Turan-exspress” qəzetinin baş redaktoru olub. Tarix üzrə fəlsəfə doktoru olan V.Salahov Beynəlxalq Ekologiya və Energetika Akademiyasının müxbir üzvü idi.
V.K.Salahovun Qazaxıstanda Azərbaycan diasporunun formalaşmasında xüsusi xidmətləri olub. O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub. V.Salahov Qazaxıstan dövləti tərəfindən də müxtəlif mükafatlarla təltif edilib.
Allah rəhmət eləsin.